Ana səhifə

Təravih Namazı


YazdırSend to friend

Təravih sözü ərəbcə “tərviha" kəlməsinin cəmidir. Lüğət mənası “rahatlanmaq - dincəlmək” deməkdir. Ramazan ayına məxsus yatsı (işa) namazından sonra qılınan təravih namazının hər dörd rükətinin sonundakı oturuş tərviha adlandırılmışdır. Sonralar bu kəlmənin cəmi olan təravih, Ramazan gecələrində qılınan nafilə namazın adı olmuşdur. Təravih namazı kişilərə və qadınlara müəkkəd sünnədir.

Bu namazın camaatla qılınması kifai sünnədir. Hz. Peyğəmbər təravih namazını bir neçə gecə xaric davamlı olaraq təkbaşına qılmış və əshabi-kiramı bu namaza təşviq edərək belə demişdir:

Kim Ramazan ayını inanaraq və savabını Allahdan gözləyərək keçirərsə, keçmiş günahları bağışlanar.” (Buxari, Səlatut-Təravih, 1: Müslim. Müsafirin, 174.)

Hz. Aişədən gələn rəvayətə görə :

“Nəbi sallallahu aleyhi və səlləm (Ramazan gecəsində yatsıdan sonra) məsciddə namaz qıldı. İnsanlar da onun kimi namaz qıldılar. Sabahı insanlar bir-birinə bu namazdan bəhs etdilər. Növbəti gün camaat bir az da artdı. Rəsulullahla namaz qıldılar. Yenə öz aralarında bu namaz haqqında danışdılar. 3-cü gecə camaat daha da artdı. Rəsulullah (sallallahu aleyhi və səlləm) namaz qıldı. İnsanlar da onun kimi namaz qıldılar.4-cü gecə insanlar Hz. Peyğəmbərin namaz qılacağını gözlədikləri halda Peyğəmbər gəlmədi. Sübh namazını qıldıqdan sonra camaata belə buyurdu:

Dünən axşam toplaşdığınızı gördüm. Bu namazı sizə qıldırmağıma heç nə mane deyildi. Fəqət bunun sizə fərz qılınaraq ağır gəlməsindən qorxdum.” Rəsulullah (sallallahu aleyhi və səlləm) vəfat edənə qədər tətbiqat bu şəkildə davam etdi.”  (Buxari, Səlatut-Təravih, 1: Müslim, Müsafirin, 178: Əbu Davud, Şəhru-Ramazan, 1, H. No:1373: Malik, Müvəttə, Səlat fi Ramazan, 2, h. No:3.)

Təravih namazı yatsıdan sonra vitrdən öncə qılınır. Bu namazın gecə yarıdan və ya gecənin üçdə birindən sonraya buraxılması müstəhəbdir.

Qılınmayan bir təravih namazı qəza edilməz. Bu namaz təkbaşına da qılına bilər. Fəqət camaatla qılınması daha fəzilətlidir.

Təravih namazı iyirmi rükətdir. Hər dörd rükətdən sonra müəyyən qədər duraraq istirahət edildiyi üçün bu dörd rükətə tərviha deyilmişdir.

Bir təravih namazında beş tərviha vardır.

Bu namaza: “Niyyət etdim təravih namazına”, ”Vaxtın sünnəsinə" və ya “Gecə namazına” -deyə niyyət edilir. Mütləq namaza və ya nafiləyə niyyət edilməsi də bir çox fəqihə görə caizdir.

Təravih namazını hər iki rükətdə bir salam verərək on salam ilə bitirmək daha fəzilətlidir. Dörd rükətdə bir də salam vermək olar. Səkkiz, on hətta iyirmi rükətdən bir salam vermək də caizdir.

Təravih namazı iki rükətdə bir salam vərilərsə, axşam namazının sünnəsi kimi, dörd rükətdə bir salam verilərsə isə yatsı namazının dörd rükət sünnəsi kimi qılınar. Başlanğıcda və hər iki rükətin başında sübhanəkə, əuzu-bəsmələ və hər oturuşda təyiyyat, salli-barik duaları oxunar. Bu namaz camaatla qılındığı təqdirdə camaat həm təravihə, həm də imama uymağa niyyət edər. İmam isə təravihi sübh namazının fərzi kimi səsli qıldırar.

Hənəfilərə görə təravih namazının rükət sayı və davamlı camaatla qılınması Hz. Ömərin tətbiqatına əsaslanır. Abdurrahman İbn Əbdülqaridən gələn rəvayətə görə:

“Bir Ramazan gecəsi Ömərlə bərabər Məscidi-Nəbəviyə getdim. İnsanlar dağınıq halda idi. Bəzisi təkbaşına bəziləri də kiçik qruplar şəklində namaz qılırdılar. Hz. Ömər bunları bir imamın arxasında toplasam daha gözəl olar dedi və Übey İbn Kəbi təravih qıldırmaq üçün imam təyin etdi. Başqa bir gecə yenə Ömərlə birgə çıxarkən insanlar imamlarının arxasında namaz qılırdılar. Bunu görən Hz. Ömər:

Bu yənilik necə də gözəldir! Bu namaza qoşulmayıb yatanlar namaz qılanlardan daha üstündür.” (Buxari, Səlatut-Təravih, 1; Malik, Müvəttə, Səlat fi Ramazan, 2, h. No: 3)

Hz. Ömər son cümləsi ilə axşamdan yataraq təhəccüd namazı vaxtında təravihi qılan səhabələri nəzərdə tutmuşdur.” (Malik, Müvəttə, Səlat fi Ramazan, 2, h. No: 3.)

Buna görə istər Hz. Ömər, istərsə də digər Raşid xəlifələr dövründə və sonralar, insanlara Məscidi-Nəbəvidə təravih namazlarının iyirmi rükət olaraq qıldırılmasına qarşı çıxan olmamışdır. Allah Rəsulu belə buyurmuşdur:

Məndən sonra mənim və Raşidi xəlifələrin sünnəsindən ayrılmayın.” (Əbu Davud, Sünnə, 5: Tirmizi, Elm, 16: İbn Macə, Müqəddimə, 6: Darimi, Müqəddimə, 166 6.İbn Hənbəl, IV, 126,127)

Həmçinin İbni Abbasın Ramazan ayında camaat xaricində təravih namazını iyirmi rükət olaraq qıldığı, arxasından da üç rükət vitr namazını əda etdiyi rəvayət edilmişdir. (Bu hədisi Beyhaqi nəql edərək belə demişdir: Bu hədisi yalnız Əbu Şeybə İbrahim İbn Osman rəvayət etmişdir. Əbu Şeybə zəifdir. Bax: Şövqani e.a.ə., III, 53)

İmam Malikin Yezid İbn Rumandan etdiyi rəvayətə görə, Hz. Ömər dövründə təravih namazları, vitr namazı xaricində iyirmi rükət olaraq qılınmışdır. (Malik, Müvəttə, Səlat fi Ramazan, 2, H. No:5)

Əbu Hənifəyə Hz. Ömərin tətbiqatı haqqında soruşulduqda belə cavab vərmişdir:

Təravih qüvvətli bir sünnədir. Hz. Ömər bunu özündən çıxarmamışdır. Bu mövzuda yəni bir şey icad etməmişdir. O, sadəcə bunu öz bildiyi bir dəlilə dayanaraq Rəsulullahdan bir əhd olaraq etmişdir.” (Zuhayli, e.a.ə., II, 44.)

Bəzi hədis alimləri Rəsulullahın Ramazanda təravihi səkkiz rükət qıldığını təsbit etmişdir. Bunun dayandığı dəlil isə, Buxarinin və başqalarının Hz. Aişədən rəvayət etdikləri bu hədisdir:

“Hz. Peyğəmbər nə Ramazanda, nə də Ramazan xaricində on bir rükətdən artıq nafilə namaz qılmamışdır. Belə ki, dörd rükət qılardı. Bunun gözəlliyi və uzunluğunu soruşma. Bundan başqa dörd rükət qılardı. Daha sonra üç rükət qılardı. Mən bir dəfə Ey Allahın rəsulu vitr namazını qılmadanmı yatacaqsan? -dedim. Mənə dedi ki, ey Aişə mənim gözlərim yatar, lakin qəlbim yatmaz.” (Buxari, Təhəccüd, 16, Təravih, 2; Müslim, Müsafirin, 125; Tirmizi, Məvaqit, 208; Malik, Müvəttə,Səlatul-Leyl, 9.)

Həmçinin İbni Hibban Səhihində Cabirdən bu hədisi rəvayət etmişdir:

“Hz. Peyğəmbər onlara səkkiz rükət namaz qıldırdıqdan sonra vitr namazını qıldırmışdır.” (Şövqani, e.a.ə., III, 53.)

Odur ki, təravih namazının səkkiz rükətinin müəkkəd sünnə olduğuna şübhə yoxdur. İbni Hümam kimi bəzi alimlər səkkiz rükətdən artığının müstəhəb olduğunu söyləmişdir. Bu vəziyyət yatsı namazından sonra dörd rükət nafilə namaz qılmağın müstəhəbliyinə bənzəyir ki, bunun da iki rükəti müəkkəd sünnədir. (İbnul-Hümam, FəthuI-qədir, l, 333-334)



23-06-2015 12:00:00