Ana səhifə

Etikaf, Etikafın Dəlilləri,Etikafın Şərtləri, Etikafın Növləri, Etikafın Ədəbləri, Etikafı Pozan Şeylər


YazdırSend to friend
Sual Detayı: 
Etikaf, Etikafın Dəlilləri,Etikafın Şərtləri, Etikafın Növləri, Etikafın Ədəbləri, Etikafı Pozan Şeylər
Cavab: 

XI - ETİKAF

    Etikaf, bir yerdə durmaq, gözləmək və özünü oraya həbs etmək deməkdir. Fiqhi termin olaraq isə; bir məsciddə və ya eyni hökmdəki bir yerdə etikaf niyyəti ilə bir müddət (durmaq) qalmaq deməkdir.

    Etikaf vacib, sünnə və müstəhab olaraq üç qismə ayrılır. Nəzir olunan bir etikaf vacib, ramazanın son on günündə etikafa girmək kifayə yolu ilə sünnə və başqa bir vaxt ibadət niyəti ilə məsciddə bir müddət edilən etikaf da müstəhabdır. (İbnül-Hümam,e.a.ə.,2;136; İbn Abidin, e.a.ə., ıı, 176; Şürünbüləli, e.a.ə., s, 118; Meydani, e.a.ə., l, 174.)

A - ETİKAFIN DƏLİLLƏRİ

    Etikaf kitab, sünnə və icma dəlillərinə istisnad edir.

    Kitabdan dəlil bu ayədir:

Məscidlərdə ibadətdə (etikafda) olduğumuz zaman qadınlarınızla yaxınlıq etməyin.” (Bəqərə, 2/187.)

Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətlə olanlar (etikafda olanlar), rüku və səcdə ilə namaz qılanlar üçün təmizləyin!” (Bəqərə, 2/125.)

    İlk ayədə etikaf, ibadətlərin edildiyi məscidlərə nisbət edilmişdir. Digər yöndən etikaf üçün, mübah olan cinsi əlaqəni tərk etmək, onun bir ibadət olduğunu göstərir.

    Sünnədəndəlil, İbn Ömər, Ənəs və Həzrət Aişənin (r.anhum) rəvayət etdikləri bu hədisdir:

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. ” (Buxari, Etikaf, 1,6; Müslim, Etikaf, 2; Əbu Davud, Səvm, 77, 78; Tirmizi, Səvm, 71; İbn Macə, Siyam, 58.)

    Etikafın məqsədi: Səmimi olaraq edilən etikaf şərəfli bir ibadətdir.

    Bununla Allaha yönəlmək, boş vaxtları ibadətə həsr etmək, ibadət üçün nəfsi xarici aləmdən təcrid etmək və Uca Allahın qapısından bağışlanana qədər ayrılmamaq nəzərdə tutulur.

    Etikafın ən qısa müddəti, Əbu Yusifə görə bir gün, İmam Muhammədə görə isə bir saatdır. Daha qısa müddət də ola bilər.

    Malikilərdəüstün tutulan görüşə görə, etikafın ən qısa müddəti bir gün bir gecədir. Şafeilərə görə ən az “sübhanallah” deyəcək qədər bir müddət durmaq da etikaf sayılır. Hənəfilərə görə də az müddət bir az durmaqdır. (Şürünbülali, e.a.ə., s. 119; Züheyli, e.a.ə., ll, 695, 696)

B - ETİKAFIN ŞƏRTLƏRİ

    Bir etikafın səhih olması üçün aşağıdakı şərtlər lazımdır:

    1. Etikafa girən şəxs müsəlman, ağıllı və təmiz olmalıdır. Qeyri-müsəlmanın, ruhi xəstənin, cünubun, heyz və nifasdan təmizlənməmiş kimsələrin etikafı caiz deyildir. Çünki qeyri-müsəlman ibadətə, ruhi xəstə də niyyətə əhil deyil. Təmiz olmayanların isə məscidə girmələri qadağandır.

    Etikafa girən şəxs məscidin içində ikən ehtilam olarsa, çölə çıxaraq qüsl alar və yenidən etikafa davam edər. Etikafda yetkinlik yaşına çatmaq şərt deyil. Buna görə ayırdetmə gücü olan uşağın da etikafı caizdir.

    2. Etikafa niyyət olunmalıdır. Niyyətsiz etikaf caiz deyil. Nəzir edilən etikafda isə niyyətin xüsusən dillə də ifadə edilməsi lazımdır.

    3. Etikaf məsciddə və ya məscid hökmündə bir yerdə edilməlidir.

İçərisində camaatla namaz qılınan hər hansı bir məsciddə etikafa girmək olar. Böyük camelərdə olması isə daha fəzilətlidir. Abdullah b. Məsud (r.a) belə demişdir:

 "Etikaf ancaq camaatla namaz qılınan yerdə edilə bilər. ” (Zeyləi, Nəsbur–rayə, ll, 490)

    Qadınlara gəlincə, onlar öz evlərində məscid kimi bir otaqda etikafa girə bilərlər. Qadınların məscidlərdə etikafa çəkilmələri caiz olsa da, kərahətli hesab olunmuşdur. Qadınların öz evlərində namaz qılmaları məscidlərdə namaz qılmalarından daha fəzilətli olduğu kimi, evdə etikafları da məsciddə etikafdan daha fəzilətli sayılmışdır.

    İmam Şafeiyəgörə etikaf təzimə uyğun bir yerdə edilməlidir və buna ən münasib yer də məsciddir. Evlərdə məscid edilən yerlər bu təzimə münasib deyil. Çünki evdə məscid edilən yerlər dəyişdirilə bilər, orada cünub olaraq gəzilə bilər. Digər tərəfdən Hz. Peyğəmbərin (s.ə.s) xanımları məsciddə etikafa girərdilər. Əgər onların evləri etikaf üçün kifayət etsəydi, evlərində etikafa girmələri daha yaxşı olardı. (Şirbini, MuğniI–möhtac, l, 450, vd; Şirazi, Mühəzzəb, l, 190, vs;)

    4. Vacib olan bir etikafda, etikaflı oruclu olmalıdır. Bu halda orucunun xətaən pozulması etikafa zərər verməz. Sünnə olan etikaf, həm də Ramazan daxilində olduğu üçün orucluğa düşür. Ancaq yolçuluq, xəstəlik kimi bir səbəblə orucsuz olmaq sünnə olan etikafa zərər verməyəcəyi kimi, digər müstəhəb etikaflarda da oruc şərt deyil. Digər tərəfdən sünnə və ya nafilə etikaflar üçün bir müddət də mövzu bəhs deyil.

    Şafeilərə görə vacib etikafda da oruc şərt deyildir.

   Qadının etikafa girə bilməsi üçün yoldaşından icazə alması lazımdır. Ər arvadına icazə verdikdən sonra, artıq bundan dönə bilməz.

C · ETİKAFIN NÖVLƏRİ

    1. Vacib olan etikaf:Nəzir olunan etikaf vacibdir. Bu ən az bir gün olur və oruclu keçirilir. Hz.Ömər belə demişdir:

“Rəsulullaha (s.ə.s),Məscidi-Həramda bir gecə etikafa girməyi nəzir etmişdim” dedim. Mənə:

Еу Ömər! nəzirini yerinə yetir” buyurdu. (Buxari, Etikaf, 16; ə.b.Hənbəl, ll, 10.)

    2. Sünnə olan etikaf:Ramazan ayının son on günündə etikafa girmək,kifai olaraq müəkkəd sünnədir. Bir nəfərin bunu etməsi, bir yaşayış bölgəsindəki digər müsəlmanları məsuliyyətdən azad etdiyi kimi, Allahın etikaf edənin əcrini o bölgədəki bütün müsəlmanlara da verəcəyi umulur. Həzrət Aişədən rəvayət edildiyinə görə, Həzrət Peyğəmbər (s.ə.s) orucun fərz qılınmasından ömrünün axırına qədər Ramazan aylarının son on günündə etikafa girmişdir. (Əhməd İbn Hənbəl, Müsnəd, ll, 67, 129.)

    3. Müstəhəb etikafın müəyyən bir vaxtı və müddəti yoxdur.Hətta məscidə girən şəxs çıxana qədər etikafa niyyət etsə, orada qaldığı müddətcə etikafda sayılır. Bu etikafda oruc şərt deyil.

Ç · ETİKAFIN ƏDƏBLƏRİ

    1. Etikafa Ramazanın son on günündə və ən fəzilətli məsciddə girilməlidir.

    2. Etikaf vaxtı ədəbsiz söz danışmamalı, xeyir danışmalıdır. Günah olmayan sözlər danışmaqda bir maneə yoxdur.

    3. Etikaf vaxtı Quran, hədis, Allahı zikr və ibadətlə məşğul olmalı, təmiz paltar geyinib, gözəl ətirlər vurulmalıdır.

D - ETİKAFI POZAN ŞEYLƏR

    1. Cinsi əlaqədə olmaq: Qurani-Kərimdə; “Məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman qadınlarınızla yaxınlıq etməyin.”- buyurulur.(Bəqərə, 2/187.)

    2. Etikafda olanın məsciddən üzürsüz olaraq, çıxması etikafını pozur.İstər bilərək olsun, istər bilməyərək. Bu müddət Əbu Yusif və Imam Məhəmmədə görə bir günün yarısından çox olan müddətdir. Digər bir görüşə görə isə bir günün bir hissəsindən ibarətdir. Qadın da etikafda olduğu otaqdan üzrsüz olaraq, evin digər hissəsinə keçərsə etikafı pozular.

    Xəstə ziyarəti, cənazə, cənazə namazı və ya şahidlik etmək üçün (məsciddən) etikafda olunan yerdən çıxmaq da etikafa manedir. Xəstəlik səbəbilə bir saat qədər çöldə olmaq da etikafı pozur. Ancaq nəzir edilmiş etikafda xəstə ziyarəti, cənazə namazı və s. üçün məsciddən çıxmaq şərt qoyulmuşdursa bunlar üçün çıxmaq etikafı pozmaz.

    3. Etikafda olana, etikafı ərzində bir neçə gün huşunu itirmə və ya ruhi xəstəlik üz verərsə etikafı pozulur. Səhhəti düzəldikdən sonra etikafa yenidən başlayar.

    Etikafda olan məsciddən şəri, zəruri və ya təbii ehtiyacları üçün çıxa bilər. Etikafda olanın qaldığı məsciddə cümə namazı qılınmırsa, cümə namazını qılmaq üçün başqa bir məscidə getməsi, kiçik və ya böyük dəstəmaz üçün məsciddən çıxması şəri və təbii üzrlərdən hesab olunur.

    İçində olduğu məsciddən zorla çıxarılma, ya da şəxsi və ya əşyası üçün narahat olması səbəbilə başqa bir məscidə köçmək də zəruri bir ehtiyac üçün çıxışdır.

    Etikafda olanın yeməsi, içməsi, yatması və ehtiyacı olan şeyləri satın alması məsciddə olmalıdır. Məscidi məşğul etməyəcək şeyləri oraya gətirə bilər. Məscid içində hazırlanmış münasib bir yer varsa orada dəstəmaz və qüsl ala bilər. Belə bir yer yoxdursa çölə çıxıb dəstəmaz və ya qüsl alaraq dərhal geri qayıtmalıdır. Etikafda olan, azan oxumaq üçün minarəyə çıxa bilər. Minarənin qapısının məscid xaricində olması buna zərər verməz. (İbn Abidin, e.a.ə., İstanbul, 1984, II, 440 vs.; Zəbidi, Təcridi–Sən'h, tərc. VI, 323 vs.; Mehməd Zihni, Nimeti İslam, İstanbuı, 1329, s., 98 vs.; Züheyli, e.a.ə., s., 323 vs.)



28-06-2016 11:05:09